Kontentə keç

23 MAY 2018
İTALİYA

Padua Universitetində qanköçürməsiz müalicədə əldə olunan nailiyyətlərlə bağlı əlamətdar konfrans keçirildi

Padua Universitetində qanköçürməsiz müalicədə əldə olunan nailiyyətlərlə bağlı əlamətdar konfrans keçirildi

ROMA. Cümə günü, 24 noyabr 2017-ci il tarixində İtaliyanın ən qədim universitetlərindən biri olan Padua Universitetində tibb, bioetika və hüquq üzrə mütəxəssislərin iştirakı ilə «Pasiyentlərin qanköçürmədən imtina etməsi: digər müalicə üsulları. Qanın qorunması 2017» adlı konfrans keçirildi. Konfrans 25-dən çox italyan elmi cəmiyyəti və assosiasiyası, eləcə də İtaliyanın Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilmişdi.

Dr. Luka Ueltert

Uzun illər mürəkkəb tibbi və ya cərrahi prosedurlardan keçən xəstələr üçün qanköçürmə zərərsiz və yeganə xilasetmə metodu hesab olunurdu. Lakin konfrans iştirakçılarının çoxu bu fikirlə razı deyildi. Mütəxəssislərdən biri, Avropa Xəstəxanasının (Roma) kardiotorakal cərrahı Luka Ueltert deyir: «Müşahidələr göstərir ki, qanköçürmə zərərli ola bilər və bir çox vəziyyətlərdə ümumiyyətlə lazımsızdır».

Dr. Luka Ueltertin və digər mütəxəssislərin belə bir qənaətə gəlmələrinin səbəbi tibbi təcrübəyə əsaslanır. Belə ki, qanköçürmə ilə pasiyentlərin ölüm hallarının və xəstəliklərin artması, onların xəstəxanada qalma müddətinin uzanması və səhhətlərində yaranan digər problemlər arasında əlaqə var. *

«Müşahidələr göstərir ki, qanköçürmə zərərli ola bilər və bir çox vəziyyətlərdə ümumiyyətlə lazımsızdır» (Avropa Xəstəxanasının (Roma) kardiotorakal cərrahı, Dr. Luka Ueltert).

Bu elmi sübutlar, üstəlik, qanköçürmənin bahalı prosedur olması 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) pasiyentin qanının qorunması strategiyasına (PBM) başlamağa təşviq etdi. Bu strategiya pasiyentin sağlamlığının və təhlükəsizliyinin qorunmasına xidmət edir, cərrahiyyə prosedurunun nəticələrini yüngülləşdirir və qanın istifadəsini minimuma endirir. ÜST qərar verib ki, Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətin hamısı bu strategiyanı tətbiq etsin.

Professor Stefaniya Vaqlio

Sant’Andrea Universiteti Xəstəxanasının (Roma) qanköçürmə şöbəsinin müdiri professor Stefaniya Vaqlio bu yeni üsul, pasiyentin qanının qorunması strategiyası haqda ətraflı izahat verdi. O qeyd etdi ki, əvvəlki müalicə üsulu donor qanının istifadəsindən asılı idisə, indi «diqqət donor qanı əvəzinə pasiyentin öz qanının istifadəsinə yönəlib». Həmin proqramın əsas məqsədlərindən biri «diqqəti pasiyentin özünə yönəltməklə,.. pasiyentin qanını qorumaq üçün mümkün vasitələrdən istifadə etməklə onun qan itkisini azaltmaqdır». Professor Vaqlio həmçinin izah etdi ki, pasiyentin qanını qorumaq «əslində daha keyfiyyətli müalicə deməkdir».

Verona Universiteti Xəstəxanasının ümumi cərrahı, Dr. Tomaso Kampaqnaro qansız müalicə üsulunun müsbət tərəflərini vurğuladı. 1990-cı illərin sonlarından bəri qarın boşluğunda ən mürəkkəb cərrahiyyə əməliyyatı keçmiş xəstələrin vəziyyəti ilə bağlı sənədlərə nəzər salaraq o, belə bir qənaətə gəlmişdi: «Qan köçürülən pasiyentlərlə müqayisədə, qan köçürülməyən pasiyentlərin vəziyyəti daha az ağırlaşıb və onlarda ölüm halı daha az aşkar edilib».

«Qan köçürülən pasiyentlərlə müqayisədə, qan köçürülməyən pasiyentlərin vəziyyəti daha az ağırlaşıb və onlarda ölüm halı daha az aşkar edilib» (Verona Universiteti Xəstəxanasının ümumi cərrahı, Dr. Tomaso Kampaqnaro).

Dosent Anna Prile

Dr. Tomaso Kampaqnaro və digər natiqlər Yehovanın Şahidlərinə açıq şəkildə öz minnətdarlıqlarını bildirdilər, çünki onların sayəsində həkimlər qansız müalicə üsullarını inkişaf etdiriblər. Padua Universitetinin tibb hüququ üzrə dosenti Anna Prile deyir: «Qanköçürmədən imtina hüququnu gündəmə gətirdikləri üçün Yehovanın Şahidlərinə minnətdarıq. Onlar başqalarına bu haqda düşünməyə və qansız müalicə məsələsində yaranan maneələri aşmağa kömək ediblər».

«Qanköçürmədən imtina hüququnu gündəmə gətirdikləri üçün Yehovanın Şahidlərinə minnətdarıq...» (Padua Universitetinin tibb hüququ üzrə dosenti, Anna Prile).

Konfrans natiqləri anesteziologiya, kardiologiya, ginekologiya, hematologiya, onkologiya və ortopediya kimi müxtəlif tibb ixtisaslarının nümayəndələri idi. Bununla belə, onların hamısı bir fikri çatdırmaq istəyirdilər: get-gedə daha çox dərc olunan materiallara və mütəxəssislərin təcrübələrinə əsasən, səhiyyə təşkilatları, qanunverici orqanları və ictimaiyyət qansız müalicəni qəbul etməlidir.

Padua Universitetinin Morqaqni mühazirə zalında iştirakçılar təqdimatlardan birini dinləyir.

Dr. Luka Ueltert əlavə edir: «Müasir dövrdə aortal disseksiya əməliyyatı insan bədənində aparılan ən ağır əməliyyatdır... Əgər [bu əməliyyatı] qansız həyata keçirmək mümkündürsə, deməli hər şey mümkündür».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

İtaliya: Kristian di-Blazio, tel.: +3906872941

^ abz. 4 Məsələn, konfransda bu yaxınlarda Qərbi Avstraliyada aparılan və qanköçürmə ilə bağlı aparıcı tibb jurnallarının («Transfusion») birində çap olunan tədqiqatlara istinad olunmuşdu. Tədqiqatçılar pasiyentin qanının idarəsi strategiyasının hərtərəfli səhiyyə sistemində həyata keçirmək üçün genişmiqyaslı altıillik təşəbbüsün nəticələrini təsvir edirlər. Onlar yüksək kvalifikasiyalı dörd klinikada müalicə alan 605046 pasiyentin sənədlərini tədqiq etmişlər. Tədqiqat müddəti ərzində qan məhsullarının istifadəsi 41 faiz, xəstəxanada ölüm halları 28 faiz, xəstəxanada qalma müddəti 15 faiz, xəstəxanada infeksiyaya yoluxma halı 21 faiz, ürək tutmaları və insult 31 faiz azalıb. Pasiyentin qanının qorunması strategiyasının gerçəkləşdirilməsində məqsəd pasiyentlərin müalicə nəticələrini yaxşılaşdırmaq, qan məhsullarının istifadəsini və onlara çəkilən xərcləri azaltmaqdır.