Bir dürüst hərəkət
Cənubi Afrikada Yehovanın Şahidi olan Danielle bir dəfə kafedə çanta tapdı. Müştərinin yaddan çıxarıb qoyduğu çantada pulla və kredit kartla dolu olan pul kisəsi var idi. Çantanı sahibinə qaytarmaq üçün Danielle çantada onun ünvanını, telefon nömrəsini axtardı, amma təkcə kişinin adını tapa bildi. Bacımız kişi ilə bank vasitəsilə əlaqə saxlamağa çalışsa da, buna nail olmadı. Amma bacı çantada tapdığı dərman reseptində yazılmış nömrəyə zəng etdi. Zəngə cavab verən işçi Daniellenin telefon nömrəsini çantanın sahibinə verməyə razılaşdı.
Klinikadan çantanın sahibinə zəng edib, çantasının tapıldığını və ona geri qaytarmaq istədiklərini deyəndə o heyrətə gəldi. Kişi çantasını götürməyə gələndə onu Danielle ilə atası qarşıladı. Onlar fürsətdən istifadə edib, nəyə görə onu tapmaq üçün bu qədər cəhd göstərdiklərini kişiyə danışdılar. İzah etdilər ki, Yehovanın Şahidi olduqları üçün Müqəddəs Kitabda yazılanlara əməl etməyə çalışırlar. Buna görə də dürüst davranmaq onlar üçün çox vacibdir (İbranilərə 13:18).
Bir neçə saatdan sonra kişi Danielle ilə atasına mesaj yazıb, çantasını və pul kisəsini qaytardıqlarına görə bir də təşəkkür etdi. O yazmışdı: «Sizə çox minnətdaram ki, məni tapmaq üçün əlinizdən gələni etmisiniz. Sizinlə, ailənizlə tanış olmaq mənə çox xoş oldu. Sizin kimi istiqanlı, mehriban insanları heç vaxt unutmayacağam. Minnətdarlıq əlaməti olaraq sizə ianə göndərmək istəyirəm. Bilirəm ki, siz Allaha xidmət etmək üçün qurbanlar verirsiniz. Daniellenin dürüstlüyündən göründüyü kimi, əməlləriniz sizin ləyaqətli insan olduğunuzu sübut edir. Bir daha sizə təşəkkür edirəm. Allah ibadətinizi qəbul etsin».
Bir neçə ay sonra Daniellenin atası həmin kişi ilə yenidən əlaqə saxladı. Kişi ona pul kisəsini tapmasından çox keçməmiş başına gələn hadisəni danışdı. O, dükanda olanda yerdə pul kisəsi tapmışdı. Kisənin yiyəsi olan qadını tapıb, kisəni ona qaytarmışdı və nəyə görə bu cür davrandığını ona söyləmişdi. Demişdi ki, onun özü də bu yaxınlarda çantasını itirəndə ona çantasını qaytarmışdılar. Kişi söylədi: «Bir dürüst və xeyirxah hərəkətdən başqası doğur. Beləcə, cəmiyyətdə hamı xeyir tapır».