Kontentə keç

Pandemiya zamanı təbliğdən qalmadılar

Pandemiya zamanı təbliğdən qalmadılar

 COVID-19 pandemiyası zamanı da bacı-qardaşlar təbliğdən qalmırlar. Bununla belə, onlar təsəlli verən müjdəni insanlarla bölüşmək üsullarına dəyişiklik ediblər. Belə ki, onlar ictimai yerlərdə və ev-ev deyil, əsas etibarilə, telefon və məktublar vasitəsilə təbliğ edirlər a. Bir çox insanlar buna müsbət hay verib, Yehova da Öz tərəfindən onların zəhmətini mükafatsız qoymayıb (Məsəllər 16:3, 4). Gəlin bir ada ölkəsində baş vermiş bir neçə hadisəyə nəzər salaq.

 Pandemiyadan əvvəl Helen adlı bacı gənc qadına baş çəkirdi və ona Müqəddəs Kitab dərsi təklif edirdi. Amma o, hər dəfə təklifdən imtina edirdi. COVID-19 ilə əlaqədar qapanma başlayandan bir gün əvvəl Helen ona Müqəddəs Kitab və «Müqəddəs Kitab təlimləri» kitabını verdi. Qapanma zamanı Helen qadına bir daha Müqəddəs Kitab dərsi təklif etdi və izah etdi ki, dərslər telefon vasitəsilə keçiriləcək. Bu dəfə qadın Müqəddəs Kitabı öyrənməyə razılıq verdi. Dərslər qadının o qədər xoşuna gəldi ki, o, Helendən ona hər gün dərs keçməyi xahiş etdi! Qadın hətta yığıncaq görüşlərinə telefon vasitəsilə müntəzəm qoşulmağa başladı. Üstəlik, indi o, Müqəddəs Kitab təlimlərini həyatında tətbiq edir və öyrəndiklərini başqalarına da danışır.

 Bir yığıncaqda bacı-qardaşlar polislərə məktub yazıb dəyərli xidmətlərinə görə təşəkkür etdilər. Polislər məktubları oxuyanda çox təəccübləndilər. Onlardan biri yığıncaq ağsaqqalı kimi xidmət edən Ceferson qardaşa dedi: «Əvvəllər mən elə bilirdim ki, Yehovanın Şahidləri polisləri sevmir». Ceferson bunun yanlış fikir olduğunu izah etdi. Müsbət tonda yazılmış məktublar polislərin o qədər xoşuna gəldi ki, onları polis şöbəsinin girəcəyində olan lövhədən asdılar. Digər polis dedi: «Ümidvaram, bu, başqalarına bizə qarşı münasibətlərini dəyişməyə kömək edəcək».

 Edna və Ednalin öncüldürlər b. Evdə internet olmadığı üçün onlar «Zoom» vasitəsilə keçirilən yığıncaq görüşlərinə qoşula bilmirdilər. Bacılar Yehovanın Şahidi olmayan qonşularına zəng edib pulla onun Wi-Fi bağlantısından istifadə etməyə icazə istədilər. Qadın etiraz etmədi və pul da almadı. Edna və Ednalin onu yığıncaq görüşlərinə dəvət etdilər. İndi Yehovanın Şahidləri həmin qadına, onun bir övladına və iki nəvəsinə dərs keçirlər və onlar müntəzəm şəkildə ibadət görüşlərində iştirak edirlər.

 Bacı-qardaşlar qonşularını, iş yoldaşlarını və başqalarını onlayn təqdim olunacaq nitqə dəvət etmək qərarına gəldilər. Xəstəxanada işləyən Eleyn əvvəl-əvvəl iş yoldaşlarını həmin nitqə dəvət etməkdən çəkinirdi. O fikirləşirdi ki, bəzi həkimlər Yehovanın Şahidləri haqda yaxşı fikirdə deyillər. Buna baxmayaraq, Eleyn onlara mesaj yazıb nitqə dəvət etdi. Ən çox o, xəstəxanada həkim işləyən ər-arvadı dəvət etməkdən çəkinirdi. Xeyli fikirləşdikdən və dua etdikdən sonra bacı onlara da mesaj yazıb nitqə dəvət etdi. Qadın cavabında Eleynə yazdı: «Siz istəyirsiniz ki, mən dininizə qoşulum?» Eleyn izah etdi ki, yığıncaq görüşlərində yalnız Yehovanın Şahidləri iştirak etmir. Növbəti gün Eleyn həmin ər-arvadı onlayn görüşdə görəndə çox təəccübləndi! Bacı deyir: «Görüşün sonuna yaxın həmin qadından mənə mesaj gəldi. Mesajda deyilirdi: “İlk dəfə idi ki, Yehovanın Şahidlərinin görüşündə iştirak edirəm. Görüş xoşuma gəldi. Xeyli razıyam. Dəvətinizə görə təşəkkür edirəm”».

Eleyn

 Eleyn ümumilikdə 20 həkim dəvət etmişdi. Onlardan 16-sı dəvəti qəbul edib görüşə qoşulmuşdu. Həvari Bulusun sözlərini sitat gətirərək bacı deyir: «Mən çox şadam ki, Allahın “müjdəsini” iş yoldaşlarıma çatdırmaq üçün “[cəsarətimi]” toplaya bildim» (1 Salonikililərə 2:2).

 Pandemiya hamı üçün ağır keçir. Ancaq həmin ada ölkəsində və dünyanın digər yerlərində yaşayan bacı-qardaşlar başqalarına təsəlli verməkdən və kömək etməkdən sevinc duyur və bunun sayəsində nikbinliklərini qoruyurlar (Həvarilərin işləri 20:35).

a Yehovanın Şahidləri xidmətlərini fərdi məlumatların mühafizəsi haqqında qanunvericiliyə uyğun icra edirlər.

b Öncüllər vaxtlarının çox hissəsini xidmətə həsr edən Yehovanın Şahidləridir.