«İnşaatda qadınların rolu»
Yehovanın Şahidləri Çelmsford (Esseks) şəhəri yaxınlığındakı yeni filialın ərazisində ağır avadanlıqların idarə edilməsi sahəsində qadınlara təlim verdiyinə görə Britaniyada adlı-sanlı bir inşaat təşkilatı onları təriflədi. Yehovanın Şahidləri tikintidə işləyən qadınlara təlim verdiyinə görə «The Considerate Constructors Scheme» a (CCS) adlı şirkət 10 ballıq qiymətləndirmə sistemində ən yüksək balı verdi və bunu «tərəqqi» adlandırdı. Bu yüksək nəticəyə nəyin sayəsində nail olunub?
Britaniyada qadınlar tikinti işçilərinin təxminən 13 faizini təşkil edir. Bir Britaniya firmasının apardığı sorğuya əsasən, yalnız bir neçə gənc qadın inşaat sənayesində işləməyi düşünür. Bunun əksinə, Çelmsford ərazisində işləyən komandanın təxminən 40 faizi, ağır avadanlıqların idarəsi komandasında işləyənlərin isə 60 faizdən çoxu qadınlardır.
Yehovanın Şahidləri olan bu qadınlar nəyin sayəsində bacarıqlı olurlar? Təlim və dəstək vacib rol oynayır. Bu iki amil həmçinin «CCS» şirkətinin tələb etdiyi standartlardır. Bu standartlar inşaat işçilərini səsləyir ki, onlar «hər kəsi hörmətin, ədalətli rəftarın, həvəsləndirmə və dəstəyin olduğu iş yerləri ilə təmin etsinlər», eləcə də «təlimlər keçirsinlər».
Qadınlar ağır avadanlıqların idarəedilməsi sahəsində təlim alır
Ekskavatorları və yük maşınlarını idarə etmək üçün ərazidə təlim almış Ceyd adlı bir qadın bölüşür: «Bu, möhtəşəmdir! Heç vaxt düşünməzdim ki, bu işi bacararam. Bəzən iş çətin gəlir, amma mən daima təlim alıram və yeni şeylər öyrənirəm». Ceyd kimi Lüsi də ağır avadanlıq operatorudur. O xatırlayır: «İlk dəfə əraziyə gələndə heç bir bacarığım yox idi. Amma gəldiyim ilk gündən təlim aldım. O vaxtdan bəri beş fərqli komanda ilə işləmişəm və çoxlu təlim keçmişəm!»
Komandadakı qadınların bacarıqları mexaniki avadanlıqları idarə etməklə bitmir. Erik adlı briqada rəhbəri qeyd edir: «Qadınlar, adətən, aparaturanı kişilərdən daha yaxşı işlədir, mexanika ilə bağlı baş verən yanlışı o dəqiqə sezir və bu haqda məlumat verir».
İnşaatda işləyən qadınlara dəstək
Ağır avadanlıqların istifadəsi üzrə bir neçə briqadaya rəhbərlik edən Karl deyir: «Mən qadınların maşın sürməyi öyrənmələrinə həqiqətən heyran qaldım. Bəzi hallarda təcrübəli kişi sürücülərin əvəzinə qadınları seçirdim!»
Briqada rəhbərləri işçilərə kömək edərkən onlara etibar etdiklərini göstərirlər. Bunu Terisin hadisəsindən görmək olar. Təcrübəli mexanika operatoru bilir ki, ağır avadanlıqlarla bağlı çətinlikləri müəyyən etmək, təhlükəsizliyi təmin etmək üçün qərarlar vermək və məsuliyyət daşımaq çox önəmlidir. Teris deyir: «Biləndə ki, briqada rəhbərim mənə dəstəkdir, daha çox şey edə bilirəm, çünki onun mənə güvəndiyini hiss edirəm. İnsanlar etdiyim işləri qiymətləndirəndə və ona hörmətlə yanaşanda bütün çəkilən zəhmətlərə dəyər!»
Ekskavator və yük maşının digər operatoru Abiqail aldığı dəstək və əməkdaşlığı çox dəyərləndirir: «Tikinti ərazisindəki kişilər məni xor görmürlər. Onlar kömək etməyə hazırdırlar, amma işi mənim əvəzimə etməməyə çalışırlar. İmkan yaradırlar ki, öz işimi özüm görüm».
Diqqətli və çalışqan işçilər
Müxtəlif növ ağır avadanlıqların idarəsindən savayı Çelmsfordda işləyən qadınlar ərazi ölçmək, torpaq və resurslardan yaxşı şəkildə istifadə etmək, maşın təmir etmək və işləmək üçün müvəqqəti qurğular quraşdırmaq kimi işlər üzərində də təlimlər alırlar. Müxtəlif layihələrdə qadınlarla işləyən Robert deyir ki, onlar «bütün fikirlərini gördükləri işə cəmləyir və hər detala diqqət yetirirlər». Ərazi ölçmək sahəsində işləyən Tom əlavə edir: «Mənim briqadamda olan qadınlar dürüst və diqqətcildirlər. Onlar mində bir dəqiqliklə işləyirlər».
Təəccüblü deyil ki, briqada rəhbəri Ferqas məmnuniyyətlə deyir: «İnşaatda qadınların rolu əvəzsizdir!»
a «The Considerate Constructors Scheme» Britaniyada tikinti layihələrinin təsvirini təkmilləşdirməklə məşğul olan özəl bir şirkətdir.