«Yeni Dünya Tərcüməsi» dəqiqdirmi?
«Yeni Dünya Tərcüməsi»nin ilk hissəsi (ingilis dilində) 1950-ci ildə işıq üzü görüb. O vaxtdan etibarən bəziləri bu tərcümənin a dəqiqliyinə şübhə edirlər, yaxud da ona tənqidi yanaşırlar, çünki onun müəyyən hissələri digər Müqəddəs Kitab tərcümələrindən fərqlənir. Bəzi hissələrin nəyə görə fərqli tərcümə edildiyini aşağıdakı səbəblərlə izah etmək olar.
Etibarlılıq. «Yeni Dünya Tərcüməsi» ən son elmi tədqiqatlara və ən etibarlı qədim əlyazmalara əsaslanır. 1611-ci ildə çıxmış «Kral Yakovun Müqəddəs Kitabı»nın tərcüməsi zamanı istifadə olunan əlyazmalar «Yeni Dünya Tərcüməsi»ndə istifadə olunan əlyazmalar qədər dəqiq və qədimi deyildi.
Orijinal mətnə sadiqlik. Müqəddəs Kitabı tərcümə edənlərin bir çoxu mətni olduğu kimi tərcümə etmək əvəzinə, insan ənənələrinə üstünlük verirlər. Məsələn, onlar Allahın şəxsi adı olan Yehova adını «Rəbb» və ya «Allah» sözləri ilə əvəz edirlər. Onlardan fərqli olaraq, «Yeni Dünya Tərcüməsi» komitəsi Allah tərəfindən ilhamlandırılmış orijinal mətni olduğu kimi tərcümə etməyə çalışıb (2 Timoteyə 3:16).
Hərfi tərcümə. Sərbəst tərcümələrdən fərqli olaraq, «Yeni Dünya Tərcüməsi», demək olar ki, hərfi tərcümədir. Ancaq ayələrin olduğu kimi tərcüməsi mənasız səslənə biləcəyi, yaxud orijinal mətndəki fikrin tərcüməsi aydın olmayacağı məqamlarda hərfi tərcümədən qaçınılmışdı. Müqəddəs Kitabın orijinal mətnini təfsir edən tərcümələrdə isə vacib təfsilatlar buraxıla və ya ora insan fikirləri əlavə oluna bilər.
«Yeni Dünya Tərcüməsi» ilə digər tərcümələr arasındakı fərqlər
Orijinal siyahıya daxil olmayan kitablar. Roma katolik və ortodoks kilsələrinin çap etdiyi Müqəddəs Kitab tərcümələrinə apokrif kimi tanınan kitablar da əlavə edilir. Bu kitabların heç biri yəhudi kanonuna daxil deyil. Nəzərə almaq lazımdır ki, Müqəddəs Kitabda Allahın müqəddəs sözlərinin yəhudilərə əmanət edildiyi deyilir (Romalılara 3:1, 2). Bu səbəbdən apokrif kitabların «Yeni Dünya Tərcüməsi»nə və bir çox digər müasir tərcümələrə daxil edilməməsi düzgündür.
Orijinal mətndə olmayan ayələr. Bəzi tərcümələrə Müqəddəs Kitabın ən qədim əlyazmalarında olmayan ayələr və ifadələr əlavə olunub. Ancaq «Yeni Dünya Tərcüməsi»ndə bu kimi əlavələr yoxdur. Sonradan əlavə olunmuş həmin ayə və ifadələr bir çox müasir tərcümələrə ya daxil edilmir, ya da ki onların ən etibarlı mənbələrdə olmadığı qeyd olunur b.
Fərqli söz seçimi. Bəzən sözbəsöz tərcümə dəqiq olmur və mənanı səhv verir. Məsələn, İsanın Matta 5:3 ayəsindəki sözləri çox vaxt belə tərcümə olunur: «Ruhən yoxsullar nə bəxtiyardırlar!» (İncil, 1993 və İncil, 1996). Bir çoxları «ruhən yoxsullar» ifadəsini düzgün başa düşmür, bəziləri isə İsanın bu ifadə ilə təvazökarlığın, ya da yoxsulluğun dəyərini vurğuladığını düşünür. Ancaq İsa bu ayədə demək istəyirdi ki, əsil xoşbəxtlik Allahın rəhbərliyinə ehtiyacımızın olduğunu dərk etməyimizdən asılıdır. «Yeni Dünya Tərcüməsi»ndə bu ifadə «ruhani ehtiyaclarını dərk edənlər» kimi tərcümə edilib. Belə tərcümə İsanın nə demək istədiyini aydın göstərir (Matta 5:3, haşiyə) c.
Yehovanın Şahidi olmayan alimlərin «Yeni Dünya Tərcüməsi» haqdakı müsbət rəyləri
Mötəbər Müqəddəs Kitab tərcüməçisi və alim Edqar Qudspid 1950-ci il 8 dekabr tarixli məktubunda «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» (İncil) haqda yazmışdı: «Sizin dini fəaliyyətiniz və onun dünya miqyaslı olması mənim üçün maraq kəsb edir; sizin sərbəst, təbii və canlı tərcümənizi çox bəyənirəm. Təsdiqləyə bilərəm ki, o, sanballı araşdırma işinin bəhrəsidir».
Çikaqo Universitetinin professoru Allen Uikqren «Yeni Dünya Tərcüməsi»ni müasir dilə tərcümənin bir nümunəsi kimi göstərmişdi və qeyd etmişdi ki, bu tərcümənin əksər hissələri «başqa tərcümələrdən götürülməyən, özünəxas gözəl ifadələrlə» zəngindir («The Interpreter’s Bible», I cild, səhifə 99).
Britaniyalı Müqəddəs Kitab tənqidçisi Aleksandr Tomson «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» haqda yazmışdı: «Görünür, bu tərcümə yunan mətninin mənasını ingilis dilinin imkanlarının yol verdiyi dərəcədə ifadə etməyə çalışan qabiliyyətli və dahi alimlərin əməyinin bəhrəsidir» («The Differentiator», aprel, 1952-ci il, səhifə 52).
Yazıçı Çarlz Fransis Potter onun üçün qeyri-adi səslənən bir neçə ifadəni qeyd etməklə yanaşı, tərcümə haqda belə demişdi: «Adları anonim qalan bu tərcüməçilər ibranicə və yunanca olan ən yaxşı əlyazmaları alimlərə xas məharət və bacarıqla tərcümə etmişlər» («The Faiths Men Live By», səhifə 300).
Robert Makkoy «Yeni Dünya Tərcüməsi»nin həm üstünlükləri, həm də özünəməxsus özəllikləri olduğunu desə də, resenziyasına belə yekun vurmuşdu: «İncilin tərcüməsi sübut edir ki, bu hərəkatda [Yehovanın Şahidləri] Müqəddəs Kitabın tərcüməsi zamanı yaranan çoxsaylı problemləri ustalıqla həll etməyi bacaran mütəxəssislər var» («Andover Newton Quarterly», yanvar, 1963-cü il, səhifə 31).
Professor Semuel Maklin Qilmor «Yeni Dünya Tərcüməsi»ndəki bəzi ifadələrin tərcüməsi ilə razılaşmasa da, etiraf etmişdi ki, bu tərcümənin üzərində işləyənlərin «yunan dilindən çox gözəl başları çıxır» («Andover Newton Quarterly», sentyabr, 1966-cı il, səhifə 26).
Adyunkt-professor Tomas Uinter «Yunanca Müqəddəs Yazılar — Padşahlığın Sətiraltı Tərcüməsi»nin bir hissəsi olan «Yeni Dünya Tərcüməsi»nə dair rəyində yazmışdı: «Adları məxfi qalan komitə tərəfindən edilən bu tərcümədə son araşdırmalar öz əksini tapıb, o, dəqiq və ardıcıldır» («The Classical Journal», aprel—may, 1974-cü il, səhifə 376).
İsraildə ibrani dili üzrə mütəxəssis professor Benyamin Kedar Kopstayn 1989-cu ildə demişdi: «İbranicə Müqəddəs Kitab və tərcümələri ilə əlaqədar etdiyim dilçilik tədqiqatlarımda tez-tez ingilis dilində olan “Yeni Dünya Tərcüməsi”ndən istifadə edirəm. Hər dəfə də əmin oluram ki, onun üzərində işləyənlər mətnin mümkün qədər dəqiq və başadüşülən olması üçün vicdanla çalışıblar».
Dinşünaslıq üzrə adyunkt-professor Ceyson Bedun ingilis dilində ən çox yayılmış doqquz Müqəddəs Kitab tərcüməsini tədqiq etdikdən sonra yazmışdı: «Müqayisə etdiyim tərcümələr arasında “Yeni Dünya Tərcüməsi” ən dəqiq tərcümədir». Cəmiyyət və bir çox alimlər «Yeni Dünya Tərcüməsi»nin başqa tərcümələrdən fərqlənməsini tərcüməçilərin dini qərəzliyi ilə əlaqələndirsə də, Bedun demişdi: «“Yeni Dünya Tərcüməsi” ona görə fərqlənir ki, hərfi tərcümədir və tərcüməçilər İncilin yazıçılarının işlətdiyi ifadələri olduqca dəqiq veriblər» («Truth in Translation», səhifə 163, 165).
a Burada deyilənlər 2013-cü ildə ingiliscə çıxan yenidən baxılmış tərcümədən əvvəlki tərcüməyə aiddir.
b Nümunə üçün «Yeni beynəlxalq tərcümə»ni və katoliklərin «Yeni Yerusəlim Müqəddəs Kitabı»nı gətirmək olar. Əlavə olunmuş ayələr bunlardır: Matta 17:21; 18:11; 23:14; Mark 7:16; 9:44, 46; 11:26; 15:28; Luka 17:36; 23:17; Yəhya 5:4; Həvarilərin işləri 8:37; 15:34; 24:7; 28:29; Romalılara 16:24. Bundan başqa, «Kral Yakovun Müqəddəs Kitabı»nda və «Due-Reyms tərcüməsi»ndə 1 Yəhya 5:7, 8 ayələrində Üç üqnum təlimini dəstəkləyən hissə var. Bu hissə mətnə Müqəddəs Kitab yazılıb qurtarandan yüzilliklər sonra əlavə edilmişdi.
c Eynilə, İsanın bu sözləri Con Fillipsin tərcüməsində «Allaha ehtiyaclarını dərk edənlər», digər bir tərcümədə isə «ruhani ehtiyacını bilənlər» kimi tərcümə olunmuşdur («The Translator’s New Testament»).